
“Bank BTB” ASC-nin aktiv və öhdəliklərini “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi Azərbaycanda bank sektorunda konsolidasiya prosesinin başlanğıcı ola bilər.
BBN.az xəbər verir ki, maliyyəçi-ekspert Namiq Hüseynov Yurd.Media-ya açıqlamasında “Bank BTB” ilə bağlı baş verənləri bank sektorunda konsolidasiyanın ilk nümunələrindən biri kimi qiymətləndirib.
Ekspertin sözlərinə görə, faktiki olaraq ABB “Bank BTB”ni alıb. O bildirib ki, qarşıdakı illərdə belə nümunələrin sayının artması mümkündür.
“Azərbaycanda aktivlərinə və mənfəətinə görə rəqiblərindən əhəmiyyətli dərəcədə geri qalan kiçik banklar ən yaxşı halda böyük banklara birləşməklə, ən pis halda isə lisenziyalarının birbaşa ləğv edilməsi ilə bazarı tərk edəcəklər”, – deyə Namiq Hüseynov bildirib.
Onun fikrincə, ölkədə fəaliyyət göstərən bankların sayının azalması tendensiyası yaxın illərdə də davam edəcək. Ekspert yerli kapitalla yeni bankların bazara daxil olması ehtimalını aşağı qiymətləndirib.
“Xarici kapitallı banklara isə bir qayda olaraq yüksək dövlətlərarası münasibətlər çərçivəsində lisenziya verilir. Odur ki, bank sektorunda iştirakçıların sayı azalmaqda davam edəcək. 2030-cu ilə qədər bankların sayının hətta 15-ə düşməsi mümkündür”, – ekspert qeyd edib.





