Cari ilin III rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 2388 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 267-si məlumat üçün olmaqla 2169 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 9-u məlumat xarakterli olmaqla 168 müraciət olunub. İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 6 müraciət edilib. Digər məsələlərlə bağlı isə 4-ü məlumat üçün olmaqla 45 müraciət göndərilib.
Müraciətlərdən 1722-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (17 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 12 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 373 müraciət hazırda baxılma prosesindədir, 281 məlumat xarakterli müraciətdən 140-ı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 21 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 87 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.
Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 61 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 83 inzibati xəta haqqında işə baxılıb, onlardan 81 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 2 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.
Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 280 nəzarət tədbiri keçirilib. Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 245 nəzarət tədbiri keçirilib.
Agentlik tərəfindən hesabat dövrü ərzində 75 müəssisədə 207 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.