

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirib ki, ABŞ və Çin arasında gömrük tariflərinin müvəqqəti azaldılması ticarət gərginliyini müəyyən qədər yüngülləşdirsə də, bu addım qlobal ticarətin normallaşdığı anlamına gəlmir.
BBN.az xəbər verir ki, agentliyin açıqlamasında iki ölkənin gömrük rüsumlarını üç ay müddətinə aşağı salmaq barədə razılığa gəldiyi qeyd olunub. Bu razılaşmanın əsas məqsədinin iqtisadiyyatları dərin şəkildə sarsıdacaq ticarət böhranının qarşısını almaq olduğu bildirilib.
Fitch qeyd edib ki, ötən ay yüksək tariflərə görə ABŞ-Çin ticarətində axının zəifləyəcəyi ilə bağlı narahatlıqlar fonunda agentlik 2025-ci il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salmışdı. Yeni razılaşma çərçivəsində ABŞ-da tariflərin orta səviyyəsi 23 faizdən 13 faizə düşsə də, bu göstərici hələ də 2024-cü ildəki 2,3 faiz səviyyəsindən xeyli yüksəkdir.
Agentlik əlavə edib ki, hazırkı tarif dərəcələri və qeyri-müəyyənliklər qlobal iqtisadi artım üçün riskləri davam etdirməkdədir və ticarət sahəsində tam normallaşma əlaməti görünmür.