Azərbaycan vətəndaşları dünyada ən yüksək iqtisadi ümid indeksinə malik olan ölkələrdəndir. Nüfuzlu “GALLUP İnternational” təşkilatı belə bir məlumat açıqlayıb. Qurum İqtisadi ümid indeksində Azərbaycanın mövqeyini 65 balla, ilk üçlükdə qiymətləndirib. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirir ki, 1947-ci ildən fəaliyyət göstərən “GALLUP İnternational” təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış ən nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Təşkilatın noyabr və dekabr aylarında apardığı sorğular ümumilikdə 41 ölkədə 39 min insanı əhatə etmişdir. Qeyd edək ki, sorğunun nəticələrinə əsasən qlobal miqyasda planet sakinlərinin yalnız 25 faizi 2021-ci ildə iqtisadi inkişaf gözlədiyi halda, 46 faizi problemlər və çətinliklər gözləyirlər. Beləliklə də, qlobal miqyasda iqtisadi ümid indeksi 21 bala qədər enib. Yeni açıqlanan ümid indeksində diqqət çəkən bir məqam da Avropa ölkələrində gələcəklə bağlı iqtisadi gözləntilərin neqativə doğru yön alması, Böyük Britaniya, İtaliya kimi inkişaf etmiş ölkələrdə gələcəklə bağlı iqtisadi ümidin və gözləntilərin kəskin azalmasıdır. Bu isə həm də Brexit və pandemiyanın bu ölkələrdə siyasi və iqtisadi vəziyyəti daha da kəskinləşdirməsi ilə bağlıdır. Qeyd edək ki, region ölkələrində də iqtisadi dirçəlişə olan ümid azalıb. Belə ki, təkcə qonşu Rusiya federasiyasında sorğuda iştirak edən respondentlərin cəmi 6 faizi iqtisadi yüksəliş, 46 faizi isə problemlər gözləyir ki, bu da son 23 ildə bu ölkədə qeydə alınan ən mənfi göstəricilərdir.
İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Lakin indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab olunur. Bu baxımdan Azərbaycanın mövcud indeks üzrə post-müharibə dövründə yüksək nəticələr göstərməsi həm də Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən sonra Azərbaycan Prezidenti tərəfindən hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də göz önünə qoymuş olur.
Qeyd edək ki, Dünya Bankı da yeni ilin yanvar ayında açıqladığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanda 2021-ci il üzrə 1,9 faiz, 2022-ci ildə isə 4,5 faiz iqtisadi artım proqnozlaşdırır. 2021-ci ilin dövlət büdcəsində Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinin aparılması və infrastruktur investisiyaları üçün 2,2 milyard manat həcmində maliyyə təminatının yaradılması da ölkənin gələcək iqtisadi perspektivlərinə müsbət xidmət edəcəkdir. Həmçinin, neft qiymətlərinin sabitləşməsi, pandemiyanın çəkilməsi ilə birgə gözlənilən turizm bumu, biznes inam indeksinin artması iqtisadi inkişafı daha da artıracaqdır.
Beləliklə, həm iqtisadi göstəricilərlə bağlı proqnozlar, həm dövlət tərəfindən planlaşdırılan tədbirlər, eyni zamanda beynəlxalq təşkilatların ölkənin ümumi iqtisadi mənzərəsi ilə bağlı müsbət rəyləri Azərbaycanın qarşıdakı illərdə daha yüksək inkişaf templərinə nail olacağını göstərir. Qeyd edək ki, 2020-ci ildə Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan dünyanın on ən islahatçı ölkəsinin sırasında yer aldı. Yola saldığımız ildə Azərbaycanın digər reytinq siyahılarında da mövqeyi xeyli yaxşılaşdı. Azərbaycan bu il “Davamlı inkişaf hesabatı 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşdı. Cari ildə məşhur “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi 2020”də mövqeyimiz 16 pillə irəliləməklə 44-cü yerə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal İnnovasiyalar İndeksi 2020” reytinq siyahısında da öz mövqeyini 2 pillə yaxşılaşdırmaqla 82-ci, nüfuzlu Portulans İnstitutunun ”Şəbəkə Hazırlığı İndeksi 2020” reytinqində isə 4 pillə yaxşılaşdırmaqla, 66-cı mövqeyədək irəlilədi. Eyni zamanda Azərbaycan cari ildə açıqlanan digər reytinq hesabatlarında da regional lider rolunu qoruyub saxladı. Örnək olaraq, “Global Firepower” təşkilatının “Potensial Hərbi Güc 2020” reytinq siyahısında Azərbaycan bu il 64-cü mövqedə, İqtisadiyyat və Sülh İnstitutunun (IEP İnstitute) hazırladığı “Qlobal Terrorizm İndeksi 2020” reytinq cədvəlində ən təhlükəsiz ölkələrdən biri kimi 112-ci pillədə, Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam İnstitutununun bu il açıqladığı “Uşaq Hüquqları İndeksi 2020”-də 60-cı mövqedə, “Əmlak Hüquqları Alliansı”nın açıqladığı “Beynəlxalq Əmlak Hüquqları İndeksi 2020” reytinq siyahısında isə 67-ci mövqedə qərarlaşmaqla bir sıra region ölkələrini xeyli qabaqlamağa nail oldu.
Göründüyü kimi Azərbaycanın uzun illər ərzində formalaşdırdığı uğurlu geoiqtisadi çərçivə ölkənin bütün sferalarda lider ölkə olmasını təmin edib.