Home » Vüsal Qasımlı: Ərazi bütövlüyünün bərpası iqtisadi artıma təkan verəcək

Vüsal Qasımlı: Ərazi bütövlüyünün bərpası iqtisadi artıma təkan verəcək

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib. “2020-ci ildə Azərbaycan iqtisadiyyatı məşhur alim Nassim Talebin dediyi kimi “anti-kövrəklilk” göstərdi, şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi və immunitetini daha da gücləndirdi”. Bu sözləri deyən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, “Gallup International”ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Ordumuzun qələbəsi özgüvəni və inamı artırıb ki, bu da iqtisadi inkişafımıza töhfə olacaqdır.”

  V.Qasımlı bildirib ki, 2020-ci ildə iqtisadiyyatda geriləmə fonunda bəzi sahələrdə artımın keyfiyyəti yüksəlib: “İqtisadi geriləmənin 4 faizdən artıq olduğu halda qeyri-neft-qaz sənayesinin modern texnologiyaları tətbiq etməklə 11 faizdən artıq yüksəlməsi, bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib. Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir. Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artması idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır.

Aqrar sahədə də artım daha çox ekstensiv deyil, intensiv yollarla baş verib, pambıq, tütün, tərəvəz, şəkər çuğunduru, taxıl kimi sahələrdə məhsuldarlıq göstəriciləri yüksəlib. 2020-ci ildə həm də innovativ sahə olan informasiya və rabitə xidmətləri də az da olsa artım tempini qoruya bilib. 2020-ci ildə pandemiya səbəbindən dərin geriləməyə məruz qalmış turizm, nəqliyyat, logistika, tikinti, ictimai iaşə, ticarət kimi sahələrin bu ildən başlayaraq bərpası sahəyə dövlət dəstəyi, sahibkarlıq təşəbbüsləri, sərmayə cəlbi, yeni bazarlara çıxış və yeni biznes modellərin tətbiqi ilə mümkündür.”

 V.Qasımlının sözlərinə görə, 2020-ci ildə iqtisadi artımın keyfiyyət dəyişikliyi ilə yanaşı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və struktur islahatları baxımından addımlar atıldı: “2020-ci ildə siyasi dialoqun dərinləşməsi, kadr islahatlarının aparılması, korrupsiya ilə mübarizə, yeni parlamentin formalaşdırılması, Nazirlər Kabinetinin işinin təkmilləşdirilməsi, yeni iqtisadi iqtisadi siyasət çərçivəsi – İqtisadi Şuranın və işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahının yaradılması, su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, Dövlət İnvestisiya Holdinqinin və YAŞAT fondunun fəaliyyətə başlaması, dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlər mühüm oldu. Dünyada rəqabət idarəetmə sistemləri arasındadır. Bu baxımdan dövlət idarəetmə islahatlarının aparılması ümumi iqtisadi səmərəliliyə xidmət edir.

  2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan dövləti eyni vaxtda bir neçə böhranın uğurla idarəedilməsi təcrübəsini ortaya qoydu.” “Azərbaycan 2020-ci ildə iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslandı, manatın sabitliyini qorudu, inflyasiyanı aşağı həddə saxladı, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermədi, cari əməliyyatlar hesabı aşağı neft qiymətlərinə baxmayaraq tarazlığını qorudu. Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişdi, böhran bu sektora “sıçraya” bilmədi. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mәrkәzi Bank tәrәfindәn ünvanlı likvidlik dәstәyinin göstәrilmәsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi. 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə 3 milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında anti-pandemiya büdcəsi formalaşdırıldı. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaradır.”

  V.Qasımlı deyib ki, Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım potensialına malikdir: “Müzəffər Ali Baş Komandan və ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına inamı gücləndirir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın əldə edilmiş qələbəmizi sistemli və davamlı islahatlarla yeni imkanlara çevirməsi mümkündür.”

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.