“General Motors” 4 milyard dollar həcmində istiqraz buraxır

ABŞ-ın qabaqcıl avtomobil istehsalçılarından olan “General Motors” üç növbəli ümumilikdə 4 milyard dollar məbləğində zəmanətsiz istiqrazlar dövriyyəyə buraxmağı planlaşdırır. Belə ki, ilkin növbədə 1 milyard dollar məbləğində 3 il müddətli 5.4%-lik daha sonra, 2 milyard dollar məbləğində 5 il müddətli 6.125%-lik və son olaraq 1 milyard dollar məbləğində 7 il müddətli 6.8%-lik istiqrazlar buraxılacaq.

Belə böyük həcmli bir addımın atılmasına qərar “Fitch” reytinq agentliyi tərəfindən müəssisəyə təyin edilən reytinqin BBB- səviyyəsinə endirilməsindən sonra verilib. Bu isə, ilk növbədə koronavirus pandemiyası səbəbindən şirkətin bir sıra istehsal müəssisələrinin bağlanması və likvidlik ehtiyatlarının kəskin azalması ilə əlaqədardır. Belə ki, birinci rübün son göstəricilərinə əsasən, şirkətin likvidlik ehtiyatı 33.4 milyard dollar səviyyəsinə enib. Rüblük xalis mənfəət göstəricisi isə ötən ilin müvafiq dövrü ilə nisbətdə 86.7% azalaraq 2.1 milyard dollardan 294 milyon dollara geriləyib.

İstiqrazların buraxılması qərarından dərhal sonra şirkətin səhmləri 2.5% artaraq 22.4 dollara yüksəlsə də, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisə edildikdə 38.7% aşağıdır.

Bununla yanaşı, likvidliyin artırılması məqsədilə şirkət törəmə maliyyə qurumu olan “GM Financial” vasitəsilə bir illik 1.95 milyard dollar həcmində kredit cəlb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır