Fevralın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük dəyərləndirməsi” mövzusunda keçirilən “Qış məktəbi”nin açılış mərasimi olub.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları, təlimçilər, yerli və xarici universitetlərin tələbələri iştirak edib.
Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov öncə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gömrük islahatları barədə məlumat verib. Eyni zamanda, qeyd edilib ki, gömrük təhsilinin səviyyəsinin yüksəldilməsi gömrük xidmətində aparılan islahatların prioritet istiqaməti kimi müəyyən olunub.
Akademiyanın rəisi rəhbərlik etdiyi ali təhsil müəssisəsinin gömrük üzrə kadr hazırlayan Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin üzvlərindən biri olduğunu və bu əməkdaşlıq çərçivəsində 2020-ci il üçün tədbirlər planı hazırlandığını, həmin sənədə əsasən cari il ərzində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Qulu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə fevralın 4-dən 12-dək ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük dəyərləndirməsi” mövzusunda keçirilən “Qış məktəbi”nin də bu tədbirlərdən biri olduğunu qeyd edib.
Akademiyanın rəisi proqramda nəzərdə tutulan bütün mövzuların vacibliyini önə çəkərək iştirakçılara təlimçilərin biliklərindən maksimum faydalanmağı, təcrübə mübadiləsinin aparılmasını tövsiyə edib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəl çıxış edərək “Qış məktəbi”nin önəmindən söz açıb, bu tədbirin gələcək əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
“Qış məktəbi”nin təşkil edilməsində əsas məqsəd gömrük xidməti sahəsində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin tətbiq etdiyi son yeniliklərlə bağlı gömrük ixtisası üzrə təhsil alan və gələcəkdə bu sahədə çalışacaq tələbələrin məlumatlandırılması, eyni zamanda, tədqiqatların aparılması, müxtəlif sahələr üzrə akademik yazı bacarıqlarının formalaşdırılmasıdır.
Təlimlər Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Katibliyinin rəhbəri Mixail Kaşubski, Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun dosenti Qalina Fedotova, Rusiya Federasiyası Samara Dövlət Texniki Universitetinin dosenti Darya Ştrikova tərəfindən keçiriləcək.
“Qış məktəbi”ndə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edirlər.
Təlimlərə Rusiya Gömrük Akademiyası, Samara Dövlət Texniki Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutu, Rusiya Prezident Akademiyası Şimal-Qərbi Menecment İnstitutundan tələbə və əməkdaşlardan ibarət nümayəndələr də qatılıb.