
İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik təklif olunur.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, birdəfəlik sığorta ödənişinin məbləği artıq sığortaolunan şəxsə əlillik təyin olunmasına görə deyil, onun peşə əmək qabiliyyətini hansı dərəcədə itirməsinə əsasən müəyyən ediləcək. Məqsəd sığorta hadisələri üzrə ödənişlərin vahid meyar əsasında qiymətləndirilməsini təmin etməkdir.
Sənəddə qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta hadisəsindən əvvəl mövcud olan peşə qabiliyyətinin davamlı itirilmə səviyyəsini faizlə ifadə edir.
Təklif olunan dəyişikliklərə görə, birdəfəlik sığorta ödənişi peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti təkrar müayinə müddəti müəyyən edilmədən təsdiqləndiyi hallarda həyata keçiriləcək.
Layihədə vurğulanır ki, peşə əmək qabiliyyətinin itirilməsi anlayışı orqanizm funksiyalarının itirilməsi və əlillik meyarlarını da özündə ehtiva etdiyindən, sığorta ödənişlərinin bu göstərici əsasında müəyyənləşdirilməsi daha obyektiv yanaşma hesab olunur.




