IMF iqtisadi artım proqnozlarını dəyişib

Beynəlxalq Valyuta Fondu (BVF) özündə dünya iqtisadiyyatının cari vəziyyəti ilə yanaşı yaxın dövr üçün proqnozlarını cəmləşdirən “World Economic Outlook” hesabatının aprel buraxılışını yayımlayıb. Koronavirus pandemiyasının ilkin təsirlərini özündə əks etdirən hesabatda dünya iqtisadiyyatının 2020-ci ildə 3% kiçiləcəyi göstərilib. Qeyd edək ki, ötən ilin oktyabr ayında açıqlanan hesabatda 2020-ci ildə dünya iqtisadiyyatının 3.3% artımı proqnozlaşdırılmışdı.

Azərbaycan iqtisadiyyatının 2020-ci il üzrə artım proqnozu isə 2.1%-lik böyümədən 2.2%-lik kiçilməyə doğru geriləyib. 2021-ci ildən isə iqtisadiyyatın dirçələcəyi və 0.7%-lik artım əldə olunacağı qeyd olunub. İstehlakçı qiymət indeksinin isə 2020-ci il üçün 3.3 bənd, 2021-ci il üçün isə 3.2 bənd səviyyəsində qərarlaşması proqnozlaşdırılıb.

Türkiyə üçün isə 2020 və 2021-ci illər üzrə iqtisadi artım proqnozları müvafiq olaraq -5% və 5%, inflyasiya göstəricisi isə müvafiq olaraq hər iki il üçün 12% proqnozlaşdırılıb. Rusiya iqtisadiyyatının isə 2020-ci ildə 5.5 kiçiləcəyi, 2021-ci ildə 3.5% böyüyəcəyi qeyd olunub. İnflyasiya isə 3% civarında qərarlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır