
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasəti və iqtisadi əlaqələri baxımından son illərdə daha böyük əhəmiyyət qazanır.
BBN.az Musavat.com-a istinadən xəbər verir ki, Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiya ölkələrini birləşdirən ŞƏT platforması Azərbaycan üçün yeni iqtisadi və tranzit imkanlar yarada bilər.
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, hazırda ŞƏT-in 10 üzvü var. Bunlar Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarusdur.
Onun sözlərinə görə, bu ölkələrdə ümumilikdə 3,4 milyarddan çox insan yaşayır. ŞƏT məkanı təxminən 36 milyon kvadratkilometr ərazini əhatə edir, dünya ÜDM-nin təxminən 25%-ni və beynəlxalq ticarətin 15%-dən çoxunu formalaşdırır.
İqtisadçı qeyd edib ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Bununla yanaşı, təşkilata üzv dövlətlərin Azərbaycanın xarici ticarətində əhəmiyyətli payı var.
“2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 10%-i Rusiyanın, 9,9%-i Çinin, 1,6%-i Özbəkistanın, 1,4%-i Qazaxıstanın, 1,3%-i İranın, 0,9%-i Belarusun, 0,8%-i isə Hindistanın payına düşüb. Yalnız bu yeddi ölkənin payını topladıqda 25,9% göstəricisi alınır”, – deyə Əmirov bildirib.
O əlavə edib ki, Pakistan, Qırğızıstan və Tacikistan da nəzərə alındıqda ŞƏT üzvü ölkələrin Azərbaycanın xarici ticarətindəki faktiki payı daha yüksəkdir.
Azərbaycanın tranzit rolu artır
Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız ticarət əlaqələri ilə məhdudlaşmır.
“Azərbaycan təşkilatın əsas iqtisadi mərkəzləri olan Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi üzərindən Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutunun üzərində yerləşir”, – iqtisadçı qeyd edib.
Onun fikrincə, Orta Dəhlizin inkişafı Azərbaycanın ŞƏT məkanındakı iqtisadi və tranzit rolunu daha da gücləndirə bilər.
Əmirov hesab edir ki, ŞƏT məkanı ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi, tranzit gəlirlərinin yüksəldilməsi və logistika imkanlarının genişləndirilməsi baxımından ciddi üstünlüklər yarada bilər.
Qeyd edək ki, Prezident İlham Əliyevin ŞƏT-in tədbirlərində iştirakı Azərbaycanın təşkilatla əməkdaşlığa strateji əhəmiyyət verdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.





