

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
BBN.az xəbər verir ki, bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub: “İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir”.
Məlumatda qeyd edilib ki, pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır:
“İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır”.
“Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir”, – deyə əlavə edilib.
Xatırladaq ki, 01 may 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Qərar isə 02 may 2024-cü il tarixindən isə qüvvəyə minmişdir.