Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində rəsmi səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Mərkəzi Layihə İdarəetmə Agentliyi tərəfindən “EU4Youth III mərhələsi – Gənclərin Məşğulluğu və Sahibkarlıq Proqramı” çərçivəsində “Litvada Gənclik Zəmanəti tədbirlərinin həyata keçirilməsinə giriş” mövzusunda təşkil edilən tədbirdə iştirak edib.
Bundan başqa Agentliyin nümayəndələri Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin Vilnüs şəhərində fəaliyyət göstərən nümayəndəliyində olub, ölkələr arasında məşğulluq sahəsində görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bundan başqa gənclərin təlimi və ixtisasının artırılması, gənclər üçün karyera məsləhəti, gənclərin sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial tərəfdaşlarla əməkdaşlıq mövzuları üzrə təlimlər də keçirilib.
Səfər çərçivəsində həmçinin Litvanın Sosial Təminat və Əmək Nazirliyində, Xidmətin Alytus şəhərində yerləşən bələdiyyəsində və Regional Karyera Mərkəzində də görüşlər baş tutub.