Maliyyə savadlılığı ilə bağlı növbəti vebinarlar keçirilib

Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.

Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Bank Tədris Mərkəzi arasında imzalanmış müvafiq tədbirlər planı əsasında əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün cari ilin iyun–iyul aylarında onlayn təlimlər təşkil edilmişdir.

Belə ki, “Əhalinin izafi borclanmasının yaradacağı mümkün risklərin idarə olunması” mövzusu üzrə kommersiya banklarının rəhbər işçiləri, “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusu üzrə tələbələr, jurnalistlər, mediya işçiləri və vətəndaş cəmiyyəti institutları, “Sahibkarın pul axını və kredit” mövzusu üzrə bank mütəxəssisləri təlimlərə cəlb olunmuş, mövzularla əlaqədar müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Əhatəliliyin artırılması üçün “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda onlayn təlim modulu hazırlanaraq Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş (https://edu.e-cbar.az/course/view.php?id=97) və geniş auditoriyanın istifadəsinə verilmişdir.

Qeyd edək ki, Mərkəzi Bank sözügendən Strateji Yol xəritəsinin icrasına uyğun bank sektoru mütəxəssislərinin və eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır