Koronavirus pandemiyasının bəzi ölkələrdə səngiməsi ilə əlaqədar olaraq, neftə tələb gündən-günə artan tendensiya ilə hərəkət edir. Bunu artıq bir neçə müddətdir ki, neft qiymətlərinin dinamikasında da müşahidə etmək olar.
Hazırda ABŞ-ın bankçılıq sektorunda aktivlərinin həcminə görə “JPMorgan Chase & Co.”dan sonra ikinci yerdə qərarlaşan “Bank of America Corp.” növbəti il üçün xam neft qiymətlərinin proqnozlarını açıqlayıb. “Bank of America”nın proqnozlarına əsasən, dünyada qaz və kömür qiymətlərində artımın nəticəsi olaraq energetika sektorunda neftə tələbat artacaq. Bununla da, 2022-ci ilin iyul ayına qədər tələbin artması ilə əlaqədar olaraq “Brent” markalı xam neftin bir barelinin qiyməti 120 dollara çatacaq.
Bununla yanaşı, bir neçə xam neft hasilatı ilə məşğul olan qurumların hasilat həcminin tələbdən az olması səbəbindən yaxın dövrdə sözügedən xam neftin qiymətinin 100 dollara çata biləcəyi ehtimal edilir.
Məlumat üçün qeyd edək ki, bugün “Brent” markalı xam neftin barel qiyməti 4% artıb və 85 dollar civarında qiymətləndirilib.