Pul bazası aprel ayının sonundan bəri 8% artmışdır

Ötən toplantıdan keçən müddətdə likvidlik və kreditləşdirmə şəraitinə pul siyasəti qərarları ilə yanaşı vahid xəzinə hesabından həyata keçirilən dövlət büdcəsi xərcləri, əhalinin və biznesin dəstəklənməsi üçün tətbiq olunan tənzimləyici güzəştlər təsir göstərmişdir.

Valyuta bazarında vəziyyət may ayında da sabit olaraq qalmışdır. Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda təklif tələbi üstələmiş, tələb başlıca olaraq idxalla əlaqədar olmuşdur. Azərbaycanın başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında vəziyyətin stabilləşməsi manatın nominal və real effektiv məzənnələrinin dinamikasının stabilləşməsi ilə müşayiət olunur.

Pul bazası aprel ayının sonundan bəri 8% artmış, ilin əvvəlindən bəri isə 10.6% azalmışdır.

Mərkəzi Bankın pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunmuşdur. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunmuş, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşmışdır.

Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişmişdir. İyun ayının 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.

Əhali və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi pandemiya şəraitində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır