
Tarixi maksimumdan cəmi iki həftə sonra qızılın qiyməti yenidən $4000 səviyyəsinin altına enib. Bazar ertəsi, Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, qiymət psixoloji həddin bir qədər üzərində ticarət olunur.
Qiymətlərin geriləməsinə əsas səbəb Çin hökumətinin 1 noyabrdan etibarən qızıl alqı-satqısına tətbiq etdiyi vergi güzəştini ləğv etməsi olub. Şanxay Qızıl Birjasında qeyri-investisiya məqsədilə qızıl alan pərakəndə satıcılar artıq əlavə dəyər vergisinin (ƏDV) əvvəlki kimi 13%-ni deyil, yalnız 6%-ni geri ala biləcəklər. Bu qərar Çində zinət əşyalarına tələbin azalmasına gətirib çıxarıb, nəticədə ölkənin bir sıra zərgərlik şirkətlərinin səhmləri 10%-dən çox ucuzlaşıb.
Ekspertlər bildirirlər ki, qiymətin mühüm psixoloji səviyyəyə qədər korreksiyası bazar iştirakçılarının çoxu tərəfindən əvvəlcədən gözlənilirdi. Bununla belə, ilin əvvəlindən etibarən qızılın qiyməti hələ də 50%-dən çox artıb, orta illik qiymət isə tarixdə ilk dəfə $3200 səviyyəsini keçib.
Qızılın bahalaşmasını şərtləndirən əsas fundamental amillər – mərkəzi bankların qızıl ehtiyatlarını artırması və investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi – hələ də qüvvədə qalır.




