ABŞ və Avropa ölkələri Rusiyaya Ukraynanı işğal etdiyinə görə sanksiyalar tətbiq ediblər. Qorxulu bir sual isə budur: Əgər Rusiya Avropa üçün təbii qazın tədarükünü dayandırarsa, nə baş verə bilər?
BBN.az CNN Business-ə istinadən xəbər verir ki, belə bir qorxulu ssenari region iqtisadiyyatını dərin iqtisadi tənəzzülə apara bilər.
Bildirək ki, Rusiya iyulun 11-də Avropa üçün əsas qaz təchizatı kanallarından biri olan “Nord Stream 1”dən (Rusiya-Avropa qaz kəməri) yenilənmə ilə bağlı olaraq 10 günlüyünə təchizatı dayandırıb. Kəmər vasitəsilə qaz axınının miqdarı artıq azaldılıb. Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada, Rusiya dövlət qaz şirkəti “Qazprom”un “Nord Stream 1”dən gələn ixracı 60% azaltması ilə bağlı olaraq “qaz böhranı” yaranmışdı.
Almaniyanın İqtisadiyyat naziri Robert Habeck radioya müsahibəsində bildirib ki, “hər şey baş verə bilər, qaz axını əvvəlkindən də çox ola bilər, həmçinin heç bir qaz axını da olmaya bilər. Düzünü demək gərəkirsə, biz daha pis ssenariyə hazırlaşırıq, daha yaxşı üçün isə bir qədər də olsa çalışırıq”.
Fransanın Maliyyə naziri də bazar günü açıqlamasında demişdir ki, “ölkə cəld hərəkət etməlidir, gərək ki, Rusiyadadan qaz asılılığını tamamilə kəssin”.
“Nord Stream 1” 2011-ci ildən fəaliyyət göstərir, hər il Baltik dənizindən 55 milyard kub metr təbii qazı Avropaya nəql edir.
İtaliyanın qaz nəhəngi “Eni” isə bildirmişdir ki, Qazprom günlük 21 milyon kub metr qazın nəqlini planlaşdırır. Keçmiş bir neçə gündə isə bu rəqəm günlük 32 milyon kub metr olub.
Avropa ötən il təbii qazın 45%-ni Rusiyadan əldə edib və qış aylarına qədər region təbii qaz ehtiyatını yenidən doldurmalıdır. Hazırda Qərb ölkələri yeni qaz tədarükçüləri arayışındadırlar, ölkə daxilində də yeni proqramlar işləyib hazırlayırlar.
Sonda qeyd etmək yerinə düşər ki, qaz təchizatında yaranan problemlərə görə ölkələrdə təbii qazın qiyməti yüksəlməkdədir.