Ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Mərkəzin direktoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib. Azərbaycanda şəhid ailələri üzvləri və əlilliyi olan şəxslərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, aztəminatlı ailələrin üzvlərinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə qonaqlara məlumat verilib.
Həmçinin həssas qrupların yaradıcı potensialının dəstəklənərək inkişaf etdirilməsinin mühüm prioritetlərdən olduğu bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər geniş fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu vurğulanıb.
Nümayəndə heyəti mərkəzdə yaradılan şərait, benefisiarların müxtəlif istiqamətlərdə (təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, floristika, kulinariya, səhnə ifaçılığı, kapoeyra və s.) bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilən təlimlərlə, benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı da təqdim edilib.
Qeyd edək ki, Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası olub, yeni əməkdaşlıq sənədləri imzalanıb.