![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Rusiya Mərkəzi Bankının Sədri Elvira Nabiullina Rusiya Federasiyası Dövlət Dumasında çıxış edərək ölkənin bank sektoru ilə bağlı gələcək planlarını açıqlayıb. Çıxışında, ölkədə inflyasiya səviyyəsinin son 6 ildə qeydə alınan ən yüksək səviyyəsinə (8.1%) qalxmasına da toxunan sədr rəhbərlik etdiyi qurumun buna müdaxilə etməsinin vacibliyini də vurğulayıb.
Nabiullina bildirib ki, Rusiya Mərkəzi Bankı ölkədə istehlak qiymətləri indeksinin stabilləşdirilməsi məqsədilə uçot dərəcəsinin daha da artırılması planlaşdırılır. Son iclasda 7.5%-ə yüksəldilən uçot dərəcəsinin 2023-cü ilədək 6% səviyyəsinə endirilməyəcəyi bildirilib. İnflyasiya göstəricisinin 4% səviyyəsinə endiyi təqdirdə, ölkədə pul dövriyyəsinin artırılması məqsədilə uçot dərəcəsinin endirilməsi nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, 2019 və 2020-ci illərdə Rusiya Mərkəzi Bankı ard-arda 7 dəfə faiz endiriminə gedib və uçot faiz dərəcəsi 5.5% səviyyəsində qərarlaşıb. Digər tərəfdən isə, koronavirus pandemiyasının sürətlə yayılması ölkənin iqtisadi artımının qarşısını kəskin şəkildə kəsib. Bu isə, 2020-ci ilin əvvəlində 3.5% səviyyəsində olan inflyasiya göstəricisinin sürətlə artımına şərait yaradıb.