

Rusiyada vətəndaşlara edilən dələduzluq zənglərinin sayı sutkada 6–7 milyon səviyyəsində qalır və onların qarşısının alınması çox yavaş gedir, — bunu Federasiya Şurasında Sberbank İdarə Heyəti sədrinin müavini Stanislav Kuznetsov bəyan edib.
BBN.az xəbər verir ki, Federasiya Şurasında çıxış edən Sberbank İdarə Heyəti sədrinin müavini Stanislav Kuznetsov bildirib ki, Rusiyada vətəndaşlara qarşı edilən telefon dələduzluğu zənglərinin sayı sutkada 6–7 milyon səviyyəsində sabit qalıb. Onun sözlərinə görə, bu rəqəmin azaldılması prosesi hazırda çox ləng aparılır.
Kuznetsov əlavə edib ki, 2024-cü ilin mart ayında telefon dələduzluq zənglərinin rekord səviyyəyə çatdığı müşahidə olunub. Həmin dövrdə sutkada 20 milyondan artıq zəng qeydə alınıb ki, bu da dünya üzrə ən yüksək göstərici hesab edilir.
O, qeyd edib ki, nömrələrin saxtalaşdırılması (nömrə əvəzləmə) problemini həll etmək mümkün olub. Lakin o da vurğulayıb ki, yeni texnologiyaların tətbiqi tənzimləyici tədbirlərin sürətini üstələyir və bu sahədə məhdudiyyətlər hələ də geridə qalır.
Sberbankın hesablamalarına əsasən, 2024-cü ildə Rusiyada vətəndaşların kiberfırıldaqçılıq nəticəsində ümumi maddi zərəri 295 milyard rubl təşkil edib.