Səudiyyə Ərəbistanı “Turizm İnkişafı Fondu” yaradır

Səudiyyə Ərəbistanı koronavirus pandemiyasının təsirlərini qismən yüngülləşdirmək və uzunmüddətli dövrdə ölkənin neft  və neft məhsulları ixracından asılılığını azaltmaq məqsədilə “Turizm İnkişafı Fondu” yaratmağı planlaşdırır. İlkin olaraq, 4 milyard dollar məbləğində vəsaitə malik olacaq bu fond yerli kommersiya və investisiya bankları ilə əməkdaşlıq çərçivəsində turizm sektorunun inkişafı yönündə layihələr və investisiyalar həyata keçirəcək.

Ölkənin Turizm Naziri açıqlamasında bildirib ki, sözügedən layihə ölkədə pandemiya sonrası turizm sektorunu dirçəltməklə yanaşı, istehlakçıların özəl sektora olan inamını da artıracaq. O həmçinin vurğulayıb ki, turizm sektoru hökumətin qeyri-neft sektorunun inkişafı üzrə seçdiyi istiqamətdə böyük əhəmiyyət kəsb edir və böyük diqqət ayrılır. Belə ki, hazırda ÜDM-də 3%-lik paya sahib olan turizm sektorunun 2030-cu ilədək 10%-ə yüksəldilməsi planlaşdırılıb.

Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən ilin sonlarında 49 ölkə üçün viza rejimini yüngülləşdirsə də, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə turizm sektorunun ötən ilə nəzərən 35%-45% arası kiçiləcəyi proqnozlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır