
Azərbaycan İslam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirmək və bu sahədə islahatları davam etdirmək niyyətindədir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar maliyyə bazarlarının şaxələndirilməsinə və xarici investisiyaların cəlb olunmasına töhfə verəcək. AMB sədri qeyd edib ki, İslam maliyyəsi regionlar arasında ortaq maliyyə dili rolunu oynayaraq sərhədlərarası investisiyaların və özəl sektorun inkişafını təşviq edir.
Taleh Kazımov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və dayanıqlı maliyyə alətlərinin inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, İslam maliyyəsi sosial rifahı və etik investisiyaları təşviq etməklə dayanıqlı inkişafı dəstəkləyir, spekulyativ əməliyyatlardan və həddindən artıq borclanmadan yaranan riskləri azaldır.
AMB sədri bildirib ki, əsas prioritetlərdən biri dayanıqlılıq prinsiplərinə əsaslanan İslam maliyyə alətlərinin inkişaf etdirilməsi və daha dayanıqlı iqtisadiyyatların qurulması üçün kapitalın səfərbər edilməsidir.
O, həmçinin insan kapitalının inkişafının vacibliyini qeyd edərək bildirib ki, yerli maliyyə institutlarının əməkdaşlarının, nəzarət orqanlarının, müstəqil auditorların və digər bazar iştirakçılarının bilik və bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla birgə seminar və təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
T.Kazımov əlavə edib ki, İslam maliyyəsinin gələcək inkişafı ayrı-ayrı ölkələrin səylərindən daha çox kollektiv fəaliyyət və beynəlxalq əməkdaşlıqdan asılı olacaq. Onun fikrincə, forumun ən mühüm nəticələrindən biri müxtəlif yurisdiksiyalar arasında institusional əməkdaşlığın daha da gücləndirilməsi olmalıdır.




