
ABŞ Prezidenti Donald Tramp, Federal Ehtiyat Sistemi (Fed) İdarə Heyətindəki boş yerə yeni təyinat irəli sürüb. Trampın namizədi – Ağ Ev İqtisadi Məsləhət Şurasının sədri Stephen Miran, Fed-də monetar siyasətə daha yumşaq yanaşmanı dəstəkləyən bir şəxs kimi tanınır.
BBN.az xəbər verir ki, bu təyinat, keçmiş qubernator Adriana Kuglerin gözlənilmədən istefasından sonra yaranan boşluğu doldurmaq üçün nəzərdə tutulub. Namizədin sentyabr ayında Fed-in növbəti iclasından əvvəl Senatda təsdiqlənməsi gözlənilir.
Dollar təzyiq altındadır
Stephen Miran-ın mümkün təyinatı, ABŞ dollarına olan inamı zəiflədib. Reuters yazır ki, bazarlarda bu addım “yumşaq monetar siyasətə dönüş” siqnalı kimi qəbul olunub və bu da dolların zəifləməsinə səbəb olub.
Ekspertlərin fikrincə, əgər Stephen Miran Fed-ə üzv olarsa, bu, faiz dərəcələrinin daha erkən və daha sürətli endirilməsi ehtimalını artıracaq. Bu isə həm ABŞ iqtisadiyyatı, həm də beynəlxalq maliyyə bazarlarında yeni balans axtarışına səbəb ola bilər.
Waller də gündəmdədir
Eyni zamanda, Fed-in hazırkı üzvü Christopher Waller də Trampın 2026-cı ildə Fed sədri vəzifəsinə namizəd göstərə biləcəyi şəxslər sırasında yer alır. Bu ehtimallar Tramp administrasiyasının Federal Ehtiyatlar Sisteminə daha birbaşa təsir imkanlarını genişləndirdiyini göstərir.
Xatırladaq ki, Tramp ötən dövrdə də Fed-in faiz siyasətinə qarşı sərt tənqidləri ilə yadda qalmışdı. Onun yeni təyinatları, ABŞ-ın monetar müstəqilliyi ilə bağlı suallar doğurur və qlobal maliyyə bazarlarında diqqətlə izlənir.





