ABŞ Prezidenti Donald Tramp jenerik dərmanların idxalına qarşı yüksək gömrük rüsumlarının tətbiqini nəzərdə tutan yeni plan açıqlayıb.
BBN.az xəbər verir ki, yeni qərara əsasən, xarici əczaçılıq şirkətlərinə ABŞ-da istehsal müəssisələri qurmaq üçün iki illik keçid dövrü veriləcək.
Bu müddət ərzində idxal rüsumunun 0% səviyyəsində saxlanılması nəzərdə tutulur. Lakin keçid dövrü başa çatdıqdan sonra tariflərin mərhələli şəkildə artırılması planlaşdırılır. Belə ki, 2028-ci ilin avqustundan idxal rüsumunun 100%-ə, 2029-cu ilin avqustundan isə 200%-ə çatdırılması nəzərdə tutulur.
Jenerik dərmanlar patent müddəti başa çatmış və adətən daha münasib qiymətə satılan preparatlardır. ABŞ-da istifadə olunan reseptli dərmanların böyük hissəsini məhz bu preparatlar təşkil edir. Jenerik dərmanların əhəmiyyətli bir hissəsi isə xaricdən, xüsusilə Hindistan kimi əsas istehsal mərkəzlərindən idxal olunur.
Yeni tarif planının qlobal əczaçılıq sənayesinə və dərman təchizat zəncirinə ciddi təsir göstərə biləcəyi bildirilir. Qərarın açıqlanmasından sonra beynəlxalq əczaçılıq şirkətlərinin səhmlərində də dalğalanmalar müşahidə olunub.