Home » Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə güclü artım nümayiş etdirib

Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə güclü artım nümayiş etdirib

by Zeyneb
0 comments 0 views 2 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə hazırladığı “Türk iqtisadi icmalı”nın 2025-ci ilin ikinci rübünə dair buraxılışı nəşr edilib.

Hesabata görə, TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4 faiz təşkil edərək qlobal artım tempini (2,3 faiz) iki dəfə üstələyib. TDT ölkələrinin ümumi ÜDM-i 1 trilyon 112,6 milyard dollar olub.

Sürətli iqtisadi artım əsasən infrastruktur, enerji sektoru və rəqəmsal innovasiyalara qoyulan investisiyalar hesabına təmin edilib. Qazaxıstan, Türkmənistan və Özbəkistan müvafiq olaraq 6,2 faiz, 6,3 faiz və 7,2 faiz artım göstərib. Şimali Kipr Türk Respublikasında 6,4 faiz, Qırğızıstanda isə 11,7 faiz artım qeydə alınıb. Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, Türkiyənin iqtisadiyyatı isə 3,6 faiz artıb.

Qlobal ticarətdə artımın 1,7 faizə qədər azalmasına baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqeyini qoruyub. Ümumilikdə 701,6 milyard dollar ticarət dövriyyəsi əldə olunub. Azərbaycan və Qazaxıstan davamlı ticarət profisitinə malikdir; Azərbaycanın ticarət profisiti 920 milyon, Qazaxıstanın isə 7,68 milyard dollar olub. Özbəkistan isə tekstil, minerallar və kənd təsərrüfatı məhsulları hesabına ixracını 29,1 faiz artırıb.

Maliyyə sahəsində də əhəmiyyətli irəliləyişlər müşahidə olunub. Qazaxıstanın dövlət gəlirləri 17,6 faiz artaraq 28,45 milyard dollar, Türkiyənin gəlirləri isə 149,58 milyard dollar təşkil edib. Azərbaycan büdcə gəlirlərini 5,1 faiz artıraraq 11,65 milyard dollara çatdırıb, bu artım əsasən qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

Yaşıl və rəqəmsal iqtisadiyyat TDT ölkələri üçün prioritet olaraq qalır. Qazaxıstan bərpaolunan enerji layihələrinə 3,2 milyard dollar ayırıb, Özbəkistan yaşıl istiqrazlar vasitəsilə 1 milyard dollar toplayıb. Azərbaycanda isə ağıllı idarəetmə və elektron hökumət xidmətlərinin inkişafı sürətləndirilib.

Rəqəmsal transformasiya da davam edir: Qazaxıstanın rəqəmsal iqtisadiyyatı ÜDM-nin 9,2 faizini təşkil edir, Türkiyə ağıllı şəhər təşəbbüslərində irəliləyir, Azərbaycanda Zəngəzur və Qarabağ iqtisadi zonalarında transformativ ağıllı şəhərlər və kəndlər inkişaf etdirilir.

Hesabatda bildirilir ki, TDT ölkələri yaşıl texnologiyalar, rəqəmsal infrastruktur və qeyri-neft sektoru üzrə investisiyalara fokuslanmağa davam edəcək. Regional inteqrasiya, yaşıl enerji və rəqəmsal transformasiya əsas inkişaf drayverləri kimi qalır, Türk Dövlətləri regionu həm davamlılıq, həm də innovasiya sahələrində liderliyini möhkəmləndirməyə çalışır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.