Türkiyə xarici maliyyə dəstəyindən imtina edir

Türkiyə koronavirus pandemiyasının mənfi təsirlərini yüngülləşdirmək məqsədilə açıqladığı tədbirlər planından sonra xarici təşkilatlar tərəfindən təklif edilən maliyyə yardımlarından imtina edib. Belə ki, ötən həftə Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndəsi ilə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan sözügedən təşkilat tərəfindən Türkiyəyə maliyyə vəsaiti ayrılmasından imtina edib. Türkiyə lideri 2002-ci ilin sonlarında hakimiyyətə gəldikdən bu yana, davamlı olaraq beynəlxalq təşkilatlardan maliyyə vəsaiti axınını əngəlləyib.

İqtisadi ekspertlər isə IMF tərəfindən bu çətin pandemiya günlərində maliyyə vəsaitinin ayrılmasının iqtisadi vəziyyətin stabilləşdirilməsi üçün zəruri olduğunu düşünürlər. Altinbaş Universitetinin iqtisadçı professoru Emre Alkin IMF-dən 1.5 faiz dərəcəsi ilə 8-10 milyard dollar maliyyə vəsaitinin cəlb edilməsi hazırki dövrdə məqsədəuyğun olar.

Qeyd edək ki, ötən həftə ərzində türk lirəsi dollar qarşısında geriləyərək 6.91 səviyyəsinə enib. Bu isə son 18 ayın ən aşağı göstəricisi deməkdir. Ekspertlər lirənin bir müddət daha dollar qarşısında geriləyəcəyini proqnozlaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır