
Prezident İlham Əliyevin türk dövlətləri arasında strateji və iqtisadi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi siyasət bu gün bir çox sahələrdə, o cümlədən sığorta sektorunda da birgə fəaliyyət üçün geniş imkanlar yaradıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən Türk Dövlətləri InsurTech Sammiti 2025 tədbirində bildirib. Vüsal Qurbanov qeyd edib ki, türk dövlətlərinin rəhbərlərinin bu sahədə göstərdiyi təşəbbüslər regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Zirvə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin bariz nümunəsi olmaqla birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir. Müasir dövrdə sığorta yalnız maliyyə sabitliyinin dayağı deyil, həm də cəmiyyətin sosial rifahı və gələcəyə inamı üçün strateji mexanizmdir.
AMB rəsmisi əlavə edib ki, sığorta sektorunda baş verən texnoloji və struktur dəyişikliklər hüquqi, etik və təhlükəsizlik məsələlərini gündəmə gətirir. InsurTech-lər ənənəvi məhsullardan fərqli olaraq fərdi ehtiyaclara uyğun sığorta həllərini real vaxt rejimində risk qiymətləndirmələri və şəffaf xidmətlərlə təqdim edir. Artan rəqabət, müştəri tələblərinin yüksəlməsi və sürətli rəqəmsallaşma bu texnologiyaları sektorun aparıcı qüvvəsinə çevirib.
Süni intellekt, böyük verilənlər analitikası və blokçeyn kimi müasir texnologiyalar sığorta proseslərini daha səmərəli və şəffaf edir. Bu isə həm sığortaçılar, həm də sığortalılar üçün daha sürətli xidmət, fərdiləşmiş təkliflər və əlçatanlıq təmin edir.
Report







