“Walmart” tətbiqetməsi yüklənmə rekordu qırıb

Koronavirus pandemiyası səbəbindən digər ölkələrdə olduğu kimi, ABŞ-da da vətəndaşların əksərən evdən çıxmaması “Walmart” supermarketlər şəbəkəsini mobil tətbiqetmə vasitəsilə onlayn ərzaq çatdırılması həyata keçirməyə təşviq edib. Yanvar ayında elə də çox yüklənmə sayına malik olmayan bu tətbiqetmə fevral və mart aylarında sürətli artış göstərib və hal-hazırda gündəlik yüklənmə həcmi yanvar ayı göstəricilərinin 460%-i həcmindədir.

5 aprel tarixində isə “Walmart Grocery” tətbiqetməsi yüklənmə sayına görə ən yaxın rəqibi olan “Amazon”u qabaqlayaraq ABŞ ərazisində ən çox yüklənən onlayn alış-veriş tətbiqetməsi olub.

Ümumilikdə isə, mobil tətbiqetmə analitikası ilə məşğul olan “App Annie” şirkətinin məlumatına görə, koronavirus pandemiyası dövründə onlayn alış-veriş tətbiqetmələri yüklənməsində böyük artım əldə olunub. Belə ki, təkcə 29 mart – 4 aprel tarixləri aralığında onlayn alış-veriş tətbiqetmələrinin ümumi yüklənmə həcmi 106 milyonu ötüb. Bu isə yanvar ayı üzrə həftəlik göstəricilərə nisbətdə 15 faiz çoxdur. Yüklənmələrin 14.4 milyonu isə ABŞ-ın payına düşür.

“Walmart” şirkəti mart ayında verdiyi açıqlamada, işçi heyətinə 150 min nəfər əlavə edəcəyini bildirib. Açıqlamadan sonra isə, şirkətin gündəlik olaraq 5000 nəfər işə götürdüyü müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır