Xam neft qiymətlərində geriləmə ola bilər – PROQNOZ

ABŞ Enerji İnformasiya İdarəsi ötən həftənin statistikasını özündə cəmləşdirən həftəlik hesabat yayınlayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatları həftə ərzində 4.6 milyon barel azalıb. Proqnozlar isə ehtiyatların 1.6 milyon barel azalması yönündə idi. Benzin ehtiyatları isə 8 milyon barel artım göstərib. Proqnozlar isə 3 milyon barel artım yönündə olub.

Ehtiyatlarda azalma müşahidə edilməsinə baxmayaraq,  EIA bu ilin və növbəti il üçün neft qiymətləri proqnozlarını mənfi yöndə verib. Belə ki, “Brent” markalı xam neftin qiyməti 2022-ci il üçün 75 dollar, 2023-cü il üçün isə 68 dollar civarında proqnozlaşdırılıb. 2021-ci ilin dördüncü rübü üzrə sözügedən göstərici 79 dollar olub.

ABŞ nefti olan “WTI” neftinin isə barel qiyməti 2022-ci il üçün 71.32 dollar, 2023-cü il üçün isə 63.5 dollar səviyyəsində proqnozlaşdırılıb.

Proqnozların mənfi yöndə olmasının əsas səbəbi kimi isə, 2022-ci ildə xam neft hasilatının rekord həcmdə artırılacağı proqnozları göstərilib. Belə ki, cari ildə hasilatda gündəlik 5 milyon barel həcmində proqnozlaşdırılan artımın 84 faizi (4.6 milyon barel/gün) ABŞ, OPEK və Rusiyanın payına düşəcək. Sırf ABŞ bazarında, 2021-ci ildə əldə edilən gündəlik 11.2 milyon barel xam neft hasilatının 2023-cü ilədək 12.4 milyon barel/gün səviyyəsinə çıxarılması proqnozlaşdırılır. Bu isə, 2019-cu ildə qeydə alınan 12.3 milyon barel/gün göstəricisinin əldə etdiyi rekordun təzələnməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır