27 may 2024-cü il tarixində Azərbaycanda tətbiq edilən “Xüsusi tənzimləmə rejimi” ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) nümayəndələrinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin, həmçinin bankları müvafiq sahə üzrə təmsil edən rəhbər nümayəndə/nümayəndələrin iştirakı ilə onlayn görüş keçirilib.
Onlayn görüşdə xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərlə bağlı suallar müzakirə edilib.
Xatırladaq ki, innovativ xidmət və məhsulların məhdud çərçivədə və Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzarəti altında sınaqdan keçirilməsi məqsədilə ARMB tərəfindən xüsusi tənzimləmə rejimi tətbiq edilib. Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu 1 may 2024-cü il tarixindən 31 may 2024-cü il tarixinədək davam edib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.