
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyənin həcmi artıb.
BBN.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə 17 milyard 588,4 milyon manatlıq dövriyyə rəsmiləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% çoxdur.
Məlumata görə, avqustun 1-nə ölkə üzrə quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının sayı 115 289 ədədə çatıb.
Dövlət Vergi Xidməti qeyd edib ki, yeni nəsil NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf həyata keçirilməsinə, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və biznes dövriyyəsinə nəzarətin gücləndirilməsinə şərait yaradır.





