
YouTube valideyn nəzarəti funksiyalarını yeniləyib. Yeni dəyişikliklərə əsasən, valideynlər artıq uşaqların və yeniyetmələrin “Shorts” videolarına sərf etdikləri vaxt üçün limit təyin edə biləcəklər.
Yenilik çərçivəsində “Yaxın vaxtlarda” taymerinin “0” dəqiqəyə qurulması da mümkün olacaq. Bu funksiya, məsələn, uşağın ev tapşırıqlarına hazırlaşarkən uzun videolara baxmasına icazə verib, qısa çarxlarla diqqətinin yayınmasının qarşısını almağa imkan yaradır. Uzun avtomobil səfərləri zamanı isə vaxtın daha səmərəli keçirilməsi üçün 60 dəqiqəlik limit təyin etmək mümkündür.
Bildirilib ki, yaxın həftələrdə “YouTube”un mobil tətbiq interfeysi də yenilənəcək. Yeniləmə valideynlər üçün öz hesabları ilə uşaq hesabları arasında keçidi daha rahat edəcək.
Bundan əlavə, valideynlər yatmaq vaxtı və fasilələr üçün xatırlatmalar qura biləcəklər. Qeyd olunub ki, 13–17 yaş arası istifadəçilər üçün bu seçimlər standart olaraq aktivdir.
Məlumata görə, 2025-ci ilin yayından etibarən “YouTube” ABŞ-də yetkinlik yaşına çatmayan istifadəçiləri süni intellekt vasitəsilə müəyyən etməyə başlayıb. Belə istifadəçilər aşkar edildikdə sistem avtomatik olaraq müvafiq məhdudiyyətləri aktivləşdirir: yaş məhdudiyyəti olan videolar göstərilmir, reklamlar isə fərdiləşdirilmir.







