KOB-ların satış imkanlarını artırmaq üçün sərgilərdə iştirakı və ticarət şəbəkələrinə çıxışı dəstəklənir.
Satış imkanlarını artırmaq və yeni bazarlara çıxışa dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu istiqamətdə təklif etdiyi xidmətlərdən 2024-cü ilin yanvar-iyun aylarında 60-a yaxın mikro, kiçik və orta biznes (KOB) subyekti faydalanıb.
KOBİA-nın təşkilatçılığı və ya dəstəyi ilə keçirilmiş 4 sərgi və yarmarkada 38 KOB subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Bu sərgilər çərçivəsində KOB-lar məhsullarını geniş auditoriyaya təqdim etməklə və yeni əməkdaşlıqlar qurmaqla satış imkanlarını genişləndiriblər. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını artırmaq istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek
Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 24 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 21 sahibkara dəstək göstərilib. Qeyd edək ki, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə Bakı şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində 8 satış nöqtəsi yaradılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının “Bravo”, “Bolmart”, “Megastore”, “Şərq bazarı” kimi ticarət şəbəkələrində satışının təşkil olunması üçün müraciət edə bilərlər. Ətraflı: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1