Home » ABA-nın İcraçı direktoru kartlara mədaxil limitlərinin tədbiqini izah edib-MÜSAHİBƏ

ABA-nın İcraçı direktoru kartlara mədaxil limitlərinin tədbiqini izah edib-MÜSAHİBƏ

by yunus
0 comments 61 views 5 minutes read

Avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq edilən gündəlik 5 əməliyyat limiti hansı zərurətdən irəli gəldi?

 

İlk öncə onu deyim ki, bu yanaşma ödəniş xidməti istifadəçilərinə yəni müştərilərə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik yalnız mədaxil əməliyyatlarına limitlərin qoyulmasın nəzərdə tutur. Ödəniş aləti dedikdə, o cümlədən ödəniş kartı və elektron pul nəzərdə tutulur. Tətbiq edilən limitlərə əsasən hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatları (yəni karta vəsaiti qəbul etmə) həyata keçirilə bilər. Bu say limiti  nağd pul vəsaitinin özünəxidmət terminalları və bankomatlardan mədaxil edilməsi üzrə ödəniş əməliyyatlarına da şamil edilir.

Bu yanaşma ilə ödəniş alətindən pul vəsaitinin məxəric edilməsinə, yəni, köçürmə əməliyyatlarına (kartdan karta köçümə) heç bir limit tətbiq edilmir. Müştərinin öz kartları arasında, yaxın qohumların kartlarından mədaxil limitlərdən istisna edilə bilər.

 

Son illər ərzində ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Aparılan davamlı islahatlar, rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi yüksəlir, əhatə dairəsi isə davamlı genişlənir. Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən ödəniş xidməti təchizatçılarının, o cümlədən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə mədaxil əməliyyatlara bu risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilmişdir.

 

* Bu qərarın təşəbbüskarı banklar olub, yoxsa bu, tənzimləyici qurumun tələbi əsasında tətbiq edilib?

 

Məlum oduğu kimi, ABA nəzdində rəqəmsal ödəniş ekosisteminin inkişafı və paralel olaraq,  baş verə biləcək fırıldaqçılıq hallarına qarşı mübarizənin koordinasiya olunmuş formada təşkili məqsədilə 2 fərqli ekspert qrupu fəaliyyət göstərir. Məhz bu ekspert qrupları tərəfindən aparılan təhlillər, habelə AzFina-da bu sahəyə cəlb edilmiş mütəxəssislərin birgə fəaliyyəti nəticəsində bu təşəbbüs irəli sürülmüşdür. Yəni, sadə dildə desək, ABA halında üzv banklar özləri birlikdə bu qərarı veriblər (AzFina halında isə AzFina üzvləri).

Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qaydası”nda da ödəniş alətləri və bu ödəniş alətləri ilə aparılan ödəniş əməliyyatlarında risklərin idarə edilməsi önə çəkilib.

 

* Məhdudiyyətin əsas məqsədi dələduzluğun qarşısını almaqdır, yoxsa kölgə iqtisadiyyatı və vergidən yayınma ilə mübarizə?

 

Tətbiq edilən limitlər ekosistem üçün yenilik deyil. Belə ki, ödəniş xidməti təchizatçıları tərəfindən bu limitlər fərdi qaydada tətbiq edilirdi. Risklərin daha səmərəli idarə edilməsini təmin edəcək bu limitlər təsərrüfat subyektlərində rəqəmsal ödənişlərin (nağd olmayan) daha sağlam formada aparılmasına, iqtisadiyyatda apaırlan hesablaşmalaırn nağdsız dövriyyəyə cəlb edilməsinə, habelə qanunsuz idman-mərc oyunlarının qarşısının alınmasına imkan verəcəkdir.

 

* Bu limit bütün banklara eyni qaydada şamil olunur, yoxsa banklar əlavə məhdudiyyətlər tətbiq edə bilər?

 

Limitlər bütün ödəniş xidməti təchizatçıları, o cümlədən banklar üzrə vahid formada tətbiq edilir. Hər bir ödəniş xidməti təchizatçısı vahid baza limitlərin tətbiqi ilə yanaşı, risk əsaslı yanaşma əsasında müştəri üzrə fərqli limitlər təyin edə bilər, yaxud limitlərdən istisnalar müəyyən edə bilər. Bununla əlaqədar, sağlam əməliyyat həyata keçirən müştərilər banka müraciət edə və müvafiq sənədləri təqdim edə bilərlər.

 

* Gündə 5 köçürmə limiti hansı təhlillərə əsasən müəyyən edilib? Niyə məhz 5 əməliyyat

 

Qeyd etdiyim kimi, köçürmələrə hər hansı limit tətbiq edilmir, yalnız mədaxil əməliyyatlarının sayı üzrə (yəni vəsaiti karta qəbul etmə) 5 əməliyyat limiti tətbiq edilir. Ümumilikdə, risklərin idarəedilməsi məqsədilə limitlər tətbiq edilməmişdən əvvəl orta statistik göstəricilər, sağlam müştəri daranışları, ödəniş əməliyyatına say və məbləğ baxımından olan əməliyyatlar təhlil edilir.

 

* Bu məhdudiyyət adi vətəndaşların gündəlik ödəniş və köçürmə vərdişlərinə necə təsir göstərəcək?

 

Tətbiq edilən limitlərə diqqət etsək, bu limitlər sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir çətinlik formalaşdırmır.Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan, o cümlədən mobil POS-terminallar və QR kod əsaslı ödəniş həllərindən, habelə elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək, öz ödəniş əməliyyatlarını icra edə bilər.

 

Vahid limitlərin tətbiqi iqtisadi subyektlər arasında aparılan hesablaşmaların nağdsız dövriyyəyə cəlb edilməsinə, sağlam ödəniş təcrübəsinə malik müştəri bazasının formalaşdırılmasına, habelə mövcud sui-istifadə hallarının minimallaşdırılmasına imkan verəcəkdir.

 

 

 

* Bir şəxs müxtəlif bankların kartlarından istifadə edərsə, limit hər kart üzrə hesablanacaq, yoxsa VÖEN/FİN əsasında ümumi tətbiq olunacaq?

 

Mətbuat açıqlamasında qeyd edildiyi kimi, limitlər bir bank daxilində hər bir ödəniş aləti üzrə tətbiq edilir. Yəni, hər bir bankın müxtəlif ödəniş kartı məhsulları mövcuddur və limitlər eyni bank daxilində hər bir emissiya olunmuş ödəniş aləti üzrə tətbiq edilir. VÖEN ilə bağlı yuxarıda qeyd edim ki, sahibkarlıq hesabına bağlı olan kartlara mədaxil yuxarıdakı limitlərdən istisna edilə bilər.

 

* Limiti aşan şəxs əlavə köçürmə etmək istəsə, bunun üçün hansı alternativ mexanizmlər mövcuddur? Məsələn, 5-dən sonra hər ödəniş üçün komissiya çıxılması kimi

 

Mədaxil üzrə limiti aşan ödəniş xidməti istifadəçisi xidmət olunduğu ödəniş xidməti təchizatçısına müraciət edəcəkdir. Ödəniş xidməti təchizatçısı isə öz növbəsində risk əsaslı yanaşma tətbiq edərək müraciətin təhlilini və məqbul hesab edildikdə limitlərə yenidən baxılmasını təmin edəcəkdir. Limitlərinin artırılması müştəri tərəfindən təşkilata əməliyyat barədə ağlabatan izahat təqdim ediləcəyi, əməliyyatın müştərinin təşkilatda müştəri barədə olan məlumatlara uyğun olduğu, habelə qeyri-leqal məqsədlərlə istifadə edilməməsinə əminlik olduğu hallarda mümkün ola bilər.

 

 

* Məhdudiyyət rəqəmsal ödənişlərin inkişafına və nağdsız hesablaşmaların təşviqinə mənfi təsir göstərə bilərmi?

 

Nağdsız hesablaşmalara hər hansı mənfi təsir edəcəyini düşünmürük, əksinə, nağdsız hesablaşmalarda sağlam xarakterli əməliyyatların aparılmasını təşviq edəcək.

 

* ABA gələcəkdə limitin yumşaldılması və ya diferensial tətbiqi ilə bağlı Mərkəzi Bankla müzakirələr aparır?

 

Limitlər bü və ya digər formada, müştərilərin risk profillərinə uyğun hər zaman tətbiq edilib və bu təcrübə digər dövlətlərdə də tətbiq edilir. Hazırkı umumi limitlər baza xarakterlidir və banklar öz risk qiymətləndirmələrə uyğun fərqli müştərilərə fərqli yanaşma tətbiq edirlər.

 

* Bu məhdudiyyət müvəqqəti tədbirdir, yoxsa uzunmüddətli tətbiq olunması nəzərdə tutulur?

 

Ümumən, məqsəd rəqəmsal ödəniş ekosistemində risk əsaslı yanaşmanın tətbiqi, ekosistemin və onda təmsil olunan subyektlərin dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsidir. Bu əsasda qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən və ekosistemin inkişaf tendensiyasına uyğun olaraq limitlərə yenidən baxılması, habelə alternativ tədbirlərin görülməsi istisna edilmir.

Mənbə: APA

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.