
Süni intellekt texnologiyalarının inkişafı ilə məşğul olan ABŞ şirkəti “Perplexity”, “Google”-a “Chrome” brauzerini 34,5 milyard dollara almaq təklifi göndərib.
BBN.az xəbər verir ki,bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumata görə, bu məbləğ hazırda bazar dəyəri 18 milyard dollar olan “Perplexity”nin qiymətindən təxminən iki dəfə çoxdur. Şirkət bildirib ki, sövdələşməni maliyyələşdirmək üçün bir sıra investorların dəstəyini qazanıb.
Təklif ABŞ-da “Google”un veb-axtarış bazarındakı inhisar mövqeyini zəiflətmək məqsədilə “Chrome”u satmağa məcbur edilə biləcəyi ilə bağlı məhkəmə işinin fonunda irəli sürülüb. Ekspertlər hesab edir ki, “Perplexity”nin bu addımı bazarda real alıcının mövcudluğuna dair siqnal kimi dəyərləndirilə bilər.
Bununla belə, “Google” “Chrome”u satmaq niyyətində olmadığını açıqlayıb. Şirkət bu addımın biznesinə zərər vuracağını, yeni texnologiyaların inkişafını məhdudlaşdıracağını və kibertəhlükəsizlik risklərini artıra biləcəyini vurğulayıb.





