
Çin rəhbərliyi hesab edir ki, yuan beynəlxalq maliyyə sistemində getdikcə daha güclü mövqe qazanır. ABŞ-da qeyri-sabit ticarət siyasəti, büdcə kəsiri və Federal Ehtiyat Sisteminə yönəlmiş təhdidlər dolların zəifləməsinə səbəb ola bilər. Yanvardan bəri dolların dəyəri 7% ucuzlaşıb ki, bu da 1973-cü ildən bəri ən pis göstəricidir. Əksinə, ciddi tənzimlənən yuan noyabrda ABŞ-da seçkilərdən sonra ən yüksək səviyyəsinə çatıb.
Çinin yuanı beynəlmiləlləşdirmək arzusu yeni deyil. İlk addımlar 2009-cu ildə atılsa da, 2015-ci ildə fond bazarının çökməsi və devalvasiya səbəbindən kapital qaçışı yaranmışdı. İndi isə Pekin həm sabit irəliləyiş, həm də kapital axınlarına nəzarəti qorumağa çalışır.
Rəsmi dairələr hesab edir ki, yuanın geniş istifadəsi ixracatçıları dollar risklərindən qoruyacaq və ABŞ sanksiyalarına qarşı alternativ yaradacaq. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlər var: hesab-fakturalarda yuanın payı artıb, dollarla bağlı olmayan maliyyə infrastrukturu formalaşdırılıb.
Statistikaya görə, Çinin qlobal iqtisadi fəaliyyətində payı 20%-ə yaxın olsa da, beynəlxalq ödənişlərdə yuanın payı hələ də 4%-dir (dollar – 50%). Mərkəzi bankların ehtiyatlarında yuanın payı 2%-dən azdır. Bunun əsas səbəbi kapital hərəkətlərinə nəzarət hesab olunur. Lakin 2022-ci ildən yuanın beynəlxalq ödənişlərdə payı ikiqat artıb.
Çin yuanı təşviq etmək üçün müxtəlif strategiyalar həyata keçirir: banklara yuanla kreditlərin payını artırmaq tapşırılıb, tərəfdaş ölkələrə yuan ödənişlərini qəbul etmək tövsiyə olunur. Ölkə indiyədək 32 mərkəzi bankla 4,5 trilyon yuanlıq svop xətti yaradıb. Bundan əlavə, Pekin rəqəmsal yuan, CIPS ödəniş sistemi və mBridge layihəsi ilə SWIFT-ə alternativ qurur.
Bu il Macarıstan 5 milyard yuanlıq “panda-obligasiya” buraxıb, Rusiya və Keniya da yuanla maliyyələşməyə yönəlir. Çin Mərkəzi Bankının rəhbəri Pan Gunşen bildirib ki, dünya maliyyə sistemi getdikcə çoxqütblü olur və yaxın gələcəkdə dollar yuan kimi valyutalarla rəqabət aparmaq məcburiyyətində qalacaq.




