
ABŞ Prezidenti Donald Trampın son bəyanatı qlobal bazarlarda və geosiyasi arenada əsl “bomba” effekti yaradıb.
Investing.com-un məlumatına görə, Ağ Ev rəhbəri Hörmüz boğazında kommersiya gəmiçiliyini bərpa etmək məqsədilə başladılan “Azadlıq” (Project Freedom) hərbi əməliyyatının müvəqqəti dayandırıldığını elan edib.
Tramp bu qərarını İranla “tam və yekun razılaşma”ya çox yaxın olduqları ilə əsaslandırıb. Prezidentin “böyük irəliləyiş əldə olunub” mesajı dərhal maliyyə bazarlarında özünü göstərib; S&P 500 fyuçersləri və Nasdaq göstəriciləri rekord həddə yüksəlib, neft qiymətlərində isə kəskin dalğalanma müşahidə olunur. Lakin bu “mülayim” tona baxmayaraq, Vaşinqton İrana qarşı dəniz blokadasını qüvvədə saxlayır. Müdafiə naziri Pit Heqset isə vurğulayıb ki, ABŞ gərginliyi artırmaq yox, sadəcə təhlükəsizliyi təmin etmək niyyətindədir.
İndi bütün dünyanın diqqəti Tehranın verəcəyi rəsmi reaksiyaya və yaxın günlərdə imzalanması gözlənilən o “böyük saziş”ə dikilib. Qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət kəsb edən bu gediş, Trampın növbəti strateji manevri, yoxsa regionda uzunmüddətli sülhün başlanğıcıdır? Prosesləri izləyirik.




