
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2024-cü il avqustun 31-nə Azərbaycandakı aktiv portfeli əvvəlki ayla müqayisədə 3,7 % və ya 37 mln. avro azalaraq 954 mln. avroya düşüb. İcra edilən aktiv layihələrin sayı isə 35 olub.
Bankdan verilən məlumata görə, portfelin 89 %-i (848 mln. avro) dayanıqlı infrastruktur, 5 %-i (49 mln. avro) sənaye, ticarət və aqrobiznes, 6 %-i (57 mln. avro) isə maliyyə institutlarına yatırımlardan ibarətdir. Avqust ayında bankın ölkədəki əməliyyat aktivləri də 2,8 % azalaraq 697 mln. avro təşkil edib.
Ümumilikdə, EBRD bu günədək Azərbaycana 200 layihə çərçivəsində 3,673 mlrd. avro investisiya yatırıb ki, bunun 3,368 mlrd. avroluq hissəsi artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 38 % təşkil edir.




