
Avropa Mərkəzi Bankı (ECB) qlobal ticarət mühitində artan qeyri-müəyyənlik və ABŞ-ın dəyişkən ticarət siyasəti fonunda ehtiyatlı mövqe nümayiş etdirir.
BBN.az xəbər verir ki, bankın iyun ayına dair protokollarında qeyd olunur ki, son faiz dərəcəsi endirimi maliyyə şərtlərinin sərtləşməsinin qarşısını almaq məqsədi daşıyır və bazarda artan risklərə qarşı preventiv addım kimi qiymətləndirilib. Bununla belə, əlavə faiz azaldılması məsələsində ehtiyatlılıq üstünlük təşkil edir, çünki inflyasiya artıq hədəf səviyyəsinə yaxınlaşıb.
Hesabatda bildirilir ki, son bir il ərzində ECB səkkizinci dəfə faiz dərəcəsini azaltsa da, üzvlər hesab edirlər ki, qlobal iqtisadi mənzərə hələ də yüksək dərəcədə qeyri-müəyyəndir və bu tendensiya müəyyən müddət davam edə bilər. Proqnozlara əsasən, qiymət artımı ilin sonuna doğru 2 faiz səviyyəsindən bir qədər aşağı enəcək və təxminən 18 ay ərzində bu həddə qalacaq. Bunun əsas səbəbləri kimi avronun dəyər qazanması, enerji qiymətlərinin ucuzlaşması və Çin mənşəli ucuz idxal malları göstərilir.
ECB hesabatında avronun ABŞ dollarına nisbətdə təxminən 14 faiz möhkəmlənməsi qeyd edilir. Bank bunu sabitlik göstəricisi kimi dəyərləndirsə də, ixrac potensialına mənfi təsir riski olduğunu vurğulayır. Maraqlı məqam ondan ibarətdir ki, avro son aylarda bazar volatilliyi ilə paralel olaraq dəyər qazanıb və bu, “təhlükəsiz liman” statusunun müəyyən mənada dollarla yanaşı avroya da keçdiyini göstərir. Lakin bank rəhbərliyi xəbərdarlıq edir ki, valyutanın möhkəmlənməsi Avrozonada ixracın azalması ilə nəticələnə bilər.
ECB üzvlərindən bəziləri, o cümlədən Finlandiyadan Olli Rehn, Portuqaliyadan Mário Centeno və Belçikadan Pierre Wunsch inflyasiyanın çox aşağı düşməsi riskinə diqqət çəkiblər və ehtiyac yaranacağı təqdirdə əlavə dəstək addımlarının mümkünlüyünü istisna etməyiblər. ABŞ-ın ticarət siyasətindəki gərginliklər fonunda ECB Avrozonanın dövlət istiqrazı bazarlarının sabitliyini “diqqətəlayiq” adlandırıb və regionun maliyyə sisteminin dayanıqlılığını xüsusi vurğulayıb.
Ümumilikdə, Avropa Mərkəzi Bankı hesab edir ki, monetar siyasətdə hazırkı fasilə dövrü məqsədəuyğundur və yeni qərarlar yalnız ticarət və iqtisadi aktivliklə bağlı daha aydın məlumatlar əldə olunduqdan sonra nəzərdən keçiriləcək. Hazırda Bankın depozit dərəcəsi 2 faiz səviyyəsində saxlanılıb və bazar proqnozlarına görə, ilin sonuna qədər maksimum bir əlavə endirim ehtimalı mövcuddur.





