
Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 21,3 faiz geriləyib
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 467 milyon 191 min ABŞ dolları olub.
BBN.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda bildirilir.
Məlumata əsasən, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalıb. ABŞ ilə aparılan ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,9 faizini təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artım deməkdir.
Hesabat dövründə xarici ticarətin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 26,7 faiz artdığı halda, idxal 27,6 faiz azalıb.
Nəticədə, Azərbaycanın xarici ticarət balansında 7 milyard 979 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 5,9 dəfə yüksək olub.




