
Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpaq sahələri uzunmüddətli və nisbətən etibarlı seçimlər kimi tanınır. Hər iki istiqamət özünəməxsus üstünlüklərə və risklərə malikdir. Bəziləri sərvətini qızılda qorumağa üstünlük verir, digərləri isə torpaq və daşınmaz əmlak alaraq gələcək gəlir əldə etməyə çalışır.
BBN.az xəbər verir ki, İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, qızılın qiymətləri əsasən qlobal bazarlarda formalaşır, torpağın dəyəri isə daxili iqtisadi və sosial amillərlə bağlı olur.“Qızılın qiymətinin artmasının əsas səbəblərindən biri dünyada qeyri-müəyyənliyin artmasıdır. Hal-hazırda dünya yeni idarəetmə modellərinə keçid dövrünü yaşayır, böhranlar, müharibələr, sanksiyalar və iqtisadi gərginliklər qızılın qiymətinə artırıcı təsir göstərir. Eyni zamanda mərkəzi bankların tətbiq etdiyi ucuz pul siyasətləri, dolların faiz dərəcələrinin enməsi və inflyasiyanın azalması da bu tendensiyanı gücləndirir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması (“shutdown”) kimi hadisələr belə, qızılın qiymətində bahalaşmaya səbəb olur.
Torpaq bazarı isə daha çox yerli iqtisadi inkişafla əlaqəlidir. Xalid Kərimli vurğulayıb ki, torpaq resursları məhduddur və dəyəri onun yerləşdiyi ərazi, infrastruktur imkanları, əhalinin sıxlığı, alıcılıq qabiliyyəti və siyasi sabitlik kimi amillərdən asılı olur.“Manhettendə bir sot torpaqla Somalidə bir sot torpağın eyni qiymətə olması mümkün deyil. Bu, torpağın dəyərinin yalnız məhdud resurs olmasından deyil, yerləşmə yerindən də ciddi şəkildə asılı olduğunu göstərir,” – deyə ekspert əlavə edib.
Uzunmüddətli perspektivdə torpağa yatırım daha sərfəli sayılsa da, qısa müddətli (bir il içində) alqı-satqı zamanı risklər yarana bilər.
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc isə bildirib ki, həm qızıl, həm də torpaq tarixən dəyərlərini qoruma qabiliyyəti ilə seçiliblər.“Makroiqtisadi göstəricilərə görə bəzi dövrlərdə, məsələn pandemiya zamanı qızılın qiymətində enmələr müşahidə olunub. Amma daşınmaz əmlaka olan tələb daim artır. İnsanların təbii artımı, urbanizasiya və iqtisadi inkişaf torpağın dəyərini uzunmüddətli perspektivdə artırır,” – deyə o qeyd edib.
V.Orucun sözlərinə görə, 2025-ci ilədək qızılın qiyməti 50 faiz artıb. Bununla yanaşı, daşınmaz əmlaka investisiya qoyuluşları da sürətlə aktuallaşır.“Qızıl və torpaq alıb bahalaşmasını gözləmək – hər iki halda passiv gəlir strategiyasıdır. Lakin torpağın üzərində tikinti aparılarsa və obyekt icarəyə verilərsə, bu, aktiv gəlir mənbəyinə çevrilir. Üstəlik, torpaq və daşınmaz əmlak nəsildən-nəslə ötürülə bilir,” – ekspert əlavə edib.
Vüqar Oruc həmçinin bildirib ki, torpağın yerləşdiyi əraziyə görə onun qiyməti 50 faizə qədər arta bilər.“Bakı şəhərinin Baş Planı–2040 sənədində nəzərdə tutulan infrastruktur və nəqliyyat layihələri bəzi ərazilərdə torpaq qiymətlərinin 10–50 faiz arasında artmasına səbəb ola bilər. Ümumilikdə, dünyada həm qızıl, həm də daşınmaz əmlak bazarında artım tendensiyası davam edəcək,” – deyə o vurğulayıb.





