
Rəqəmsal ödənişlər rahatlıq yaratsa da, bu sahədə müəyyən risklər mövcuddur. Bununla yanaşı, risklərin yalnız elektron ödənişlərə aid olmadığı, nağd pul istifadəsində də itirmə və oğurluq kimi təhlükələrin olduğu bildirilir.
BBN.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında qeyd edib.O bildirib ki, rəqəmsal ödənişlərin özünəməxsus riskləri var və istifadəçilər bu zaman diqqətli olmalıdırlar. Onun sözlərinə görə, əsas təhlükələrdən biri tanınmayan və etibarsız internet saytları üzərindən aparılan ödənişlərdir.
Ekspert vətəndaşlara yalnız etibarlı və tanınmış platformalardan istifadə etməyi tövsiyə edir. Təhlükəsizliyin artırılması məqsədilə nağdsız ödənişlər üçün ayrıca ikinci hesab və ya kartın yaradılmasının məqsədəuyğun olduğunu bildirir. Bu zaman lazımi məbləğ həmin hesaba köçürülərək yalnız ödəniş üçün istifadə edilir ki, bu da əsas əməkhaqqı və debit kartlarının risk altında qalmasının qarşısını alır.
E.Əmirov əlavə edib ki, kart məlumatlarının müxtəlif internet resurslarında açıq şəkildə istifadə olunması təhlükə yarada bilər və bu səbəbdən əlavə qoruyucu tədbirlərin görülməsi vacibdir.







