
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan avtomobillər və digər məhsullar üzrə gömrük rüsumlarının 15 faizdən 25 faizə qaldırıldığını açıqlayıb. Prezident bu qərarı ötən il ABŞ və Cənubi Koreya arasında əldə olunmuş ticarət razılaşmasının Seulun qanunverici orqanı tərəfindən gecikdirilməsi ilə əsaslandırıb.
Rəsmi Seul qərarın gözlənilmədən verildiyini bildirib. Cənubi Koreya rəsmiləri bu addımın ölkənin ABŞ-la ticarət və strateji tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə biləcəyindən narahatdır. Analitiklər hesab edir ki, rüsumların artırılması xüsusilə avtomobil və sənaye məhsulları ixracına təzyiq yarada bilər.
Qərardan sonra Seulda ABŞ səfirliyi qarşısında etiraz aksiyaları keçirilib. Etirazçılar Tramp administrasiyasını Cənubi Koreyanın suverenliyinə hörmətsizlik etməkdə və ədalətsiz ticarət siyasəti aparmaqda ittiham ediblər.
Mütəxəssislərin fikrincə, bu addım ABŞ–Cənubi Koreya münasibətlərində gərginliyi artıra və regionda iqtisadi qeyri-müəyyənliyi dərinləşdirə bilər. Tərəflər arasında razılaşma əldə olunmasa, ticarət mübahisəsinin daha da kəskinləşəcəyi istisna edilmir.





