
Fransada azyaşlıların sosial mediadan istifadəsi ilə bağlı mühüm addım atılıb. Parlamentin yuxarı palatası Senat müəyyən şərtlər daxilində 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.
BBN.az xəbər verir ki, Parisdə keçirilən Baş Assambleya iclasında müzakirə olunan sənəd səsverməyə çıxarılıb və senatorlar tərəfindən qəbul edilib. Bununla da Senat komitəsinin daha əvvəl etdiyi dəyişikliklər də təsdiqini tapıb.
Qəbul edilən qanun layihəsinə əsasən, sosial media platformaları 15 yaşdan kiçik istifadəçilərə məhdudiyyət tətbiq etməli, istifadəçilərin yaşını təsdiqləyən mexanizmlər qurmalıdır. Eyni zamanda, bəzi platformalarda valideyn razılığı olduğu halda azyaşlıların istifadəsinə icazə verilməsi nəzərdə tutulur.
Növbəti mərhələdə sənəd senatorlar və deputatlardan ibarət birgə komitədə müzakirə olunacaq. Komitə üzvləri qanun layihəsinin yekun variantı üzrə ortaq mətn hazırlamağa çalışacaqlar.
Qeyd edək ki, Fransada qanunun qüvvəyə minməsi üçün həm Senatın, həm də parlamentin aşağı palatası olan Fransa Milli Assambleyası eyni mətn üzərində razılığa gəlməlidir.
Xatırladaq ki, Milli Assambleya yanvarın 26-da qəbul etdiyi versiyada 15 yaşdan kiçiklər üçün sosial media qadağasının bütün platformalara şamil olunmasını təklif etmişdi. Senatın təsdiqlədiyi variant isə daha yumşaq yanaşmanı – bəzi hallarda valideyn icazəsi ilə istifadəyə imkan verilməsini nəzərdə tutur.




