
İyulun 1-2-də Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı keçiriləcək.
Toplantıda Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin QDTİB-nin gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.
Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda Biznes Forumu da təşkil ediləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək.
Bununla yanaşı, tədbirdə regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşdirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq.
Tədbir proqramına müxtəlif təqdimatlar, plenar sessiyalar, işgüzar müzakirələr və sahibkarlarla maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlər də daxildir.
Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən təsis edilmiş çoxtərəfli beynəlxalq inkişaf maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən Bank üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kredit və zəmanətlərin verilməsi, investisiyaların təşviqi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.




