
ABŞ-ın texnologiya şirkəti “Nvidia”nın süni intellekt çipləri ilə təchiz olunan server sistemlərinin qiymətinin 15%-dən çox artırılması gözlənilir.
BBN.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, “Microsoft”, “Google” və “Oracle” kimi iri məlumat mərkəzi operatorları ilə işləyən server istehsalçıları müştəriləri qarşıdakı qiymət artımı barədə məlumatlandırıblar.
Qiymət dəyişikliklərinin 2027-ci ilin əvvəlində çatdırılması planlaşdırılan server sistemlərinə şamil ediləcəyi bildirilir. “Nvidia” isə məlumatla bağlı hələlik açıqlama verməyib.
Məlumata görə, “Nvidia”nın süni intellekt sürətləndiricilərinin məhsuldarlığı onların istifadə etdiyi dinamik təsadüfi giriş yaddaşının (DRAM) həcmi ilə sıx bağlıdır.
Hazırda Cənubi Koreyanın “SK Hynix” və “Samsung”, eləcə də ABŞ-ın “Micron Technology” şirkətləri dünyanın aparıcı yaddaş çipi istehsalçılarıdır. İstehsal güclərinin artırılmasına baxmayaraq, şirkətlər artan tələbatı tam qarşılaya bilmir. Bu vəziyyət yaddaş çiplərinin qiymətlərinin yüksəlməsinə və istehsalçıların qlobal texnologiya bazarındakı mövqelərinin güclənməsinə səbəb olur.





