
Rusiyalı iqtisadi şərhçi Vyaçeslav Şiryayev “DW на русском” platformasında Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi rol oynadığını iddia edib.
BBN.az xəbər verir ki, Şiryayev iddiasını Azərbaycanın illik qızıl hasilatının təxminən 3 ton, 2026-cı ilin ilk yarısında qızıl ixracının isə 24,2 ton olması ilə əsaslandırıb.
Lakin bu iki göstəricinin müqayisəsi Azərbaycanın Rusiyadan qızıl ötürməsi barədə nəticə çıxarmaq üçün kifayət etmir. Çünki ölkənin qızıl aktivləri yalnız cari hasilat hesabına formalaşmır.
Azərbaycanın qızıl ehtiyatları necə artıb?
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildən fiziki qızıla investisiya edir. Həmin dövrdə Fondun investisiya portfelində qızılın payı 5%-dək müəyyən edilmişdi. Bu limit sonrakı illərdə mərhələli şəkildə artırılıb:
- 2019-cu il: 10%
- 2022-ci il: 15%
- 2025-ci il: 25%
- 2026-cı il: 35%
ARDNF son illərdə qızıl alışlarını da əhəmiyyətli dərəcədə artırıb. Fond 2024-cü ildə 44,8 ton, 2025-ci ildə isə 53,4 ton qızıl alıb.
Nəticədə 2026-cı ilin əvvəlinə Fondun qızıl ehtiyatları 200 tona çatıb. Bu aktivlərin bazar dəyəri isə 28 milyard ABŞ dollarından çox olub.
Beləliklə, Azərbaycanın 2026-cı ilin ilk yarısında 24,2 ton qızıl ixrac etməsini yalnız ölkənin həmin il ərzində hasil etdiyi təxminən 3 ton qızılla müqayisə etmək düzgün deyil. Ölkənin əvvəlki illərdə formalaşdırdığı böyük qızıl ehtiyatları da ixrac imkanlarının qiymətləndirilməsində nəzərə alınmalıdır.
Bu rəqəmlər özlüyündə Azərbaycanın sanksiyaya məruz qalmış Rusiya qızılının Qərbə çıxarılmasında vasitəçi olduğunu təsdiqləmir. Bunun üçün ixrac olunan qızılın mənşəyini, satıcısını, alıcısını və tədarük zəncirini təsdiqləyən ayrıca sübutlar tələb olunur.





