
ABŞ Federal Ticarət Komissiyası (FTC) və 22 ştat “Amazon” şirkətinə qarşı məhkəməyə müraciət edib.
BBN.az xəbər verir ki, Vaşinqton ştatındakı federal məhkəməyə təqdim olunan iddia ərizəsində şirkətin elektron ticarət platformasındakı reklam hərraclarında təxminən 1,2 milyon reklamverəndən 20 milyard dollardan çox gizli ödəniş aldığı iddia olunur.
İddia ərizəsinə görə, “Amazon” 2018-ci ildə reklam hərraclarında tətbiq etdiyi strategiyanı dəyişib. Şirkətin “ehtiyat qiymət” alqoritmlərinin hərracların nəticələrinə əlavə və reklamverənlərə əvvəlcədən açıqlanmayan ödənişlər daxil etdiyi bildirilir.
Bu mexanizmin nəticəsində reklam qiymətlərinin süni şəkildə artırıldığı və “Amazon”un əlavə gəlir əldə etdiyi iddia olunur.
FTC və ştatların iddiasında həmçinin şirkətin reklamverənlərin sözügedən təcrübədən xəbər tutmasının qarşısını almaq üçün sistemi qəsdən gizlətdiyi qeyd edilir.
Qeyd edək ki, 20 milyard dollardan çox məbləğlə bağlı iddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib. Məhkəmə prosesində “Amazon”un ittihamlara münasibəti və reklam hərraclarında tətbiq etdiyi mexanizmlərlə bağlı mövqeyi də araşdırılacaq.





