Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə TÜRKPA-nın fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və KOBİA-nın bu istiqamətdə qanunvericilik təşəbbüsləri barədə məlumat verilib, Agentlik ilə assambleyaya üzv ölkələrin müvafiq qurumları, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, TÜRKPA-ya üzv ölkələrin kiçik və orta sahibkarlıq sahəsini tənzimləyən qanunvericiliyin, alternativ maliyyələşdirmə sahəsində təcrübəsinin öyrənilməsində KOBİA-ya dəstək göstərilməsi, sosial, qadın və gənc sahibkarlıqla bağlı birgə tədbirlərin təşkili, TÜRKPA-nın Agentliyin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirakı məsələləri müzakirə edilib.