![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Koronavirus pandemiyasının ən çox təsir göstərdiyi ölkələrdən olan İspaniyada hökumət virusun mənfi təsirlərinə ən çox məruz qalan yoxsul təbəqəyə maliyyə vəsaiti ayırmağı planlaşdırır. Bununla bağlı, İspaniyanın İnkişaf, Sosial Təminat və Miqrasiya Naziri Xose Luis Eskriva mətbuata açıqlama verib.
Eskriva açıqlamasında, hökumətin yoxsul təbəqəyə aid olan əhali arasında 3-3.5 milyard avro məbləğində vəsaitin bölüşdürülməsi layihəsini müzakirə etdiyini bildirib. Müzakirələrin nəticəsinin 25 may tarixində açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, İspaniya iqtisadiyyatı koronavirus pandemiyasının mənfi təsirləri nəticəsində cari ilin birinci rübündə 5.2% geriləyib. Bu isə, 1936-1939 illərində cərəyan edən İspaniya Vətəndaş Müharibəsindən bu yana qeydə alınan ən böyük iqtisadi geriləmədir. İspaniya Mərkəzi Bankı cari ildə ölkə iqtisadiyyatının 6.6%-13.6% aralığında geriləməyə məruz qalacağını proqnozlaşdırıb. Ölkədə karantin rejimi 23 may tarixinə qədər uzadılıb və daha sonra növbəti bir ay ərzində də karantin rejiminin davam etməsi ehtimal edilir.